Alparslan Türkeş “Cesaret, yüreklilik, atılganlık olmayan hiçbir dâva başarıya ulaşamaz. ”

M.Kemal Atatürk “Milli benliğini bilmeyen milletler başka milletlere yem olurlar...”

MHP-dən QARABAĞ BAZARLIĞINA SƏRT TƏPKİ

Yazar Yeniçağ Tarih Şub 24th, 2009 . Bu Yazıyı RSS 2.0. ile takip edebilirsin

MHP-dən QARABAĞ BAZARLIĞINA SƏRT TƏPKİ
Atilla Kaya: “AKP-nin siyasəti millətimizin və dövlətimizin çıxarlarına tərsdir”
Abbas Bozyel: “Türkiyə milliyyətçiləri sərhədləri açdırmaq istəyən erməni yanlısı hərəkətlərə əsla müsaidə etməyəcəkdir”

“Türkiyə iqtidarının Ermənistanla münasibətlərdə Qarabağ şərtindən əl çəkməsinə dair heç bir rəsmi açıqlama yoxdur. Amma o da faktdır ki, Avropa Birliyi və Amerika zaman-zaman Türkiyəni Ermənistanla münasibətləri normallaşdırmağa, sərhədləri açmağa razı salmağa çalışır. Bunu da mümkün qədər asan yolla qəbul elətdirməyə çalışırlar. O da bəllidir ki, müəyyən zamandan bəri AKP iqtidarı bu məsələni reallaşdırmaq naminə Türkiyə ictimaiyyətini hazırlamaq üçün müəyyən addımlar atır.

Məsələn, Türkiyə prezidentinin ötən il futbol matçını bəhanə edərək İrəvana getməsi bu istiqamətdə atılan addımlardan biridir. Bundan başqa, prezidentlərin və xarici işlər nazirlərinin görüşləri də var ortada. Eyni zamanda nəzərə almaq lazımdır ki, onlar bu görüşlərdən sonra müzakirələrin normal getdiyini deyirlər. Bütün bunlar AKP-nin bir hazırlıq içərisində olduğunu göstərir”.
Bunları “Yeni Müsavat”ın əməkdaşı ilə söhbətində Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) başqanının müavini, millət vəkili Atilla Kaya söyləyıb. O, hazırda Ankarada olan müxbirimizə MHP-nin qərargahında müsahibə verib.
Atilla Kaya AKP iqtidarının Ermənistanla münasibətlər qurmaq üçün Dağlıq Qarabağ şərtindən imtina etməsi barədə yayılan məlumatları şərh edərkən bunları da söyləyib: “Paralel olaraq biz Türkiyə cəmiyyətinin atılacaq bu addıma hazırlanması üçün bir psixoloji əməliyyat həyata keçirildiyini də görürük. ABŞ və Avropa Birliyi dövlətlərinin nəzarətində olan, eyni zamanda AKP ilə də yaxşı münasibətləri olan media qurumları vasitəsilə Ermənistanla münasibətlərin normallaşdırılması, sərhədlərin açılmasının vacibliyi ilə bağlı davamlı təbliğat aparılır. Bütün bunların hamısını bərabər dəyərləndirdiyimiz zaman AKP-nin belə bir hazırlıq içərisində olduğu söylənilə bilər”.
A.Kaya deyib ki, AKP hakimiyyətə gəldiyi gündən xarici siyasətdə Türkiyənin milli çıxarları ikinci plana itələnib: “Bunlar həmişə ”bir addım öndə olacağıq”, “qazanmaq, qazanmaq” siyasəti deyə-deyə Türkiyənin bütün milli çıxarlarını təhlükəyə atan bir xarici siyasət yeridirlər. Məsələn, AKP-nin Türkiyənin özünün bir milli davası kimi qəbul etdiyi Şimali Kiprlə bağlı siyasəti bizim millətimizin də, dövlətimizin də milli çıxarlarına tərsdir. Eyni zamanda Amerika İraqı işğal edəndən sonra türkmənlərə qarşı bir qətliam həyata keçirildi. Amma AKP-nin xarici siyasətində buna diqqət yetirilmir. Ona görə də biz deyirik ki, AKP-nin xarici siyasəti təslimçi və işbirlikçidir. Bu isə Türkiyənin milli maraqlarına çox böyük zərərlər vurur. Bunların iqtidarları dönəmində Türkiyənin xarici siyasətində olan problemlərlə bağlı ölkəmiz daim geri addım atan, milli maraqlarından güzəştə gedən bir dövlət halına gətirilib. Kipr, Kərkük problemləri ilə bağlı geri çəkilən, güzəştə gedən bir iqdidardan hər şey gözlənilir. Bu, çox ciddi bir məsələdir. Azərbaycanla bağlı məsələyə gəldikdə isə həm bizim, həm də sizin iqtidar təmsilçiləri “bir millət, iki dövlət”dən danışırlar. Belə olan halda hər iki dövlət xarici siyasətdə bir millət olmağın əsaslarına uyğun addımlar atmalıdır. Eyni bir millətin Azərbaycanda yaşayan hissəsinə mənsub torpaqlar işğal olunub, 1 milyon insan qaçqın düşüb, Xocalıda soyqırım baş verib, Türkiyəyə qarşı soyqırım iddiası var. Buna görə də Ermənistanla diplomatik əlaqələr qurmamışıq və sərhədləri bağlamışıq. İndi nə dəyişdi ki? Ermənistan işğalçı siyasətindən vaz keçdimi? Türkiyəyə qarşı iddialarından əl çəkdimi ki, siz AKP olaraq onlara doğru bir addım atırsınız? Əsas məsələ budur”.
MHP genəl başqan müavini deyib ki, bu məsələ Türkiyə cəmiyyətində də ciddi narahatlıq yaradıb. A.Kayanın fikrincə, bu məsələdə bir məqama xüsusi diqqət yetirmək lazımdır: “İqtidarlar gəldi – gedərdi, millətimiz, dövlətimiz, qardaşlığımız əbədidir. Əgər AKP bu məsələdə yanlış addımlar atarsa, bu, türk millətinin elədiyi yanlışlıq deyil. Azərbaycandakı qardaşlarımız bunu AKP-nin yanlışları olaraq qəbul etməlidirlər. Bəzi düşmənlərimiz bundan istifadə etmək istəyəcəklər, amma buna imkan vermək lazım deyil. AKP-nin belə bir addım atmasının qarşısını almaq üçün biz fəaliyyətə keçəcəyik, həm parlamentdə, həm mediada, həm də cəmiyyətdə iş aparacağıq. Belə bir addım atılarsa, Türkiyədə mütləq hökumətə qarşı ciddi təpkilər olacaq”.

***

MHP rəhbərliyində təmsil olunan, partiya başqanının sözçüsü, sabiq millət vəkili Abbas Bozyel isə müxbirimizə deyib ki, milli şüur sahibi olan heç bir türk AKP-nin bugünkü təslimçi siyasətindən məmnun deyil: “AKP iqtidarının xarici siyasətində yaşananlar çox təhlükəli həddə çatıb. İşğalçı Ermənistan Türkiyəyə meydan oxuya bilməkdə və Qərbin siyasi dəstəyi ilə sərhədləri zorla açdıra biləcəyinə ümid etməkdədir. Dost qəbul etdiyimiz ölkələrin parlamentlərinin ard-arda Türkiyənin tarixini məhkum edən uydurma soyqırımı tanımaları çox ağrıdıcıdır. AKP hökuməti isə bütün bunları çaşqınlıqla izləməkdədir. Özəlliklə PKK teror hörgütü mənsublarının Ermənistan vasitəsilə işğal altındakı Qarabağa yerləşdirilməsinə başlandığına dair xəbərlər yayıldığı bir vaxtda AKP hökuməti Türkiyənin və Azərbaycanın tarixi gerçəklərini, Qarabağ işğalını, ermənilərin rus ordusu ilə birlikdə Xocalıda törətdikləri soyqırımın 17-ci ildönümündə bütün bunları dünya ictimaiyyətinə çatdırmaq və Ermənistan qarşısında məsələ qaldırmaq istiqamətində heç bir iş görmür”.
Abbas Bozyelin fikrincə, xaricdən nə qədər təzyiq olursa olsun, baş nazir Ərdoğan bütün dünyaya belə bir mesaj verməlidir: “Ermənistan Türkiyəyə qarşı yalançı soyqırım iddialarından vaz keçmədikcə, işğal altındakı Dağlıq Qarabağ bölgəsini Azərbaycana qaytarmadıqca, Türkiyədən torpaq tələblərindən dönmədikcə Türkiyə ilə Ermənistan arasındakı münasibətlər qətiyyən düzəlməyəcək”.
MHP başqanının sözçüsü həmçinin deyib ki, AKP iqtidarının Azərbaycan torpaqlarının işğaldan azad edilməsi məsələsində həssas olduğunu, bununla bağlı ciddi fəaliyyət göstərdiyini görmək mümkün deyil: “Bunun əvəzində Türkiyəyə qarşı soyqırım, torpaq iddiasında olan Ermənistanla sərhədləri açaraq bu ölkə ilə diplomatik əlaqələr qurulması üçün atılan addımların və Kiprin Avropa Birliyinə girmək adı ilə Yunanıstana xidmət edəcək bir vəziyyətə gətirilməsinin arxasında baş nazir Ərdoğan və onun hökuməti durur. Təkrar ifadə edirəm ki, ortaya qoyduğum bu çox qaranlıq tablo AKP hökumətinin və Ərdoğanın əsəridir. Unutmayınız ki, ulu atalarımızın bizə bir əmanəti olan bu əziz vətəni və soydaşımız, dindaşımız və qardaşımız olan Azərbaycan yurdunu və xalqını AKP zehniyyətinin və bir ovuc işbirlikçinin bulandırdığı havaya təslim etməyəcək qədər diqqətli, həssas və milli şüur sahibi türk milliyyətçiləri var. Biz hər zaman Azərbaycanın yanındayıq. Türkiyədəki milliyyətçilər sərhədləri açdırmaq istəyən erməni yanlısı hərəkətlərə əsla müsaidə etməyəcəkdir. Bunu bütün Azərbaycanın bilməsini istərdim”.

Zabil MÜQABİLOĞLU, N.HƏSƏNZADƏ, ANKARA

Yorum Yap