Zabil MÜQABİLOĞLU(www.musavat.com)
AKP hökumətinin bütün türk dünyasına xəyanət edərək Ermənistanla dostlaşaraq, sərhədləri açmağa hazırlaşması artıq hər kəsə bəllidir.
Azərbaycanın Ərdoğan hökumətinin bu siyasətinə etdiyi etirazlara şükürlər olsun ki, Türkiyədən böyük dəstək var. Ən müxtəlif qurumlar və onların təmsilçiləri Ərdoğan hökumətinin bu addımlarını pisləyir. Amma hər zaman olduğu kimi Milliyyətçi Hərəkat Partiyası (MHP) və onun lideri Dövlət Baxçalı yenə öndədir. Hərçənd ki, bəzi həmkarlarımız Dövlət Baxçalının bu proseslər başlayandan bəri verdiyi bəyanatları, atdığı addımları yalançı vətənpərvərlik kimi qiymətləndirirlər, gülüşlə qarşılayırlar.
Hətta dostlardan biri Dövlət Baxçalı baş nazirin müavini olarkən Bakıya səfəri zamanı bir məktubu ona çatdıra bilmədiklərini yazıb. Başqa dövlətlərin yüksək vəzifəli şəxsləri Azərbaycana səfərləri zamanı tək-tük hallarda ölkə müxalifətinin təmsilçiləri ilə görüşürlər. Bu heç də o demək deyil ki, həmin vəzifəli əcnəbilər Azərbaycan müxalifəti ilə görüşmək istəmirlər. Hakimiyyət buna imkan vermir. Elə Dövlət Baxçalı baş nazirin birinci müavini olarkən Azərbaycana səfəri zamanı da hökumət onun müxalifətlə görüşünə icazə vermək istəməyib. Amma hakimiyyətin gözləmədiyi halda Türkiyədən Azərbaycanın Xarici İşlər Nazirliyinə çəkilən faks hakimiyyəti fakt qarşısında qoyub.
Artıq Dövlət Baxçalının Azərbaycana səfər proqramı detallarına qədər hazırlanıb, MHP liderinin Bakıda kimlərlə görüşəcəyi, hansı məsələləri müzakirə edəcəyi barədə mediaya məlumat verilib. Qəflətən Türkiyədən faks gəlir ki, müxalifət liderləri ilə görüş və Elçibəyin məzarının ziyarəti səfər proqramına salınmasa, Dövlət Baxçalı rəsmi səfərindən imtina edəcək. Hakimiyyət Ankaradan gələn tələblə razılaşmalı olur və Dövlət Baxçalının Türkiyənin Bakıdakı səfirliyində müxalifət liderləri ilə görüşü baş tutdu. Doğrudur, həmin vaxt “Sahil bağı”nda bizi yaxşıca döydülər, amma hər halda, Dövlət Baxçalı Azərbaycana səfəri zamanı müxalifətlə görüşən sonuncu Türkiyə rəsmisidir.
AKP hökumətinin Ermənistanla sərhədləri açmağa hazırlaşması barədə ən müxtəlif mənbələrdən aldığımız məlumatlar əsasında yaydığımız xəbərlərin ardınca Türkiyəyə yollandıq və orda partiya liderləri ilə görüşərək onların mövqelərini öyrənməyə çalışdıq. Həmin vaxt Türkiyədə seçkilərin ən qızğın vaxtı olmasına baxmayaraq, MHP lideri çox böyük məmuniyyətlə bizimlə görüşdü, suallarımızı dinlədi və “Yeni Müsavat”a müsahibəsində Türkiyə tərəfindən ilk dəfə olaraq ən yüksək səviyyədə “Ortada xain bir proje var” dedi. Hər zaman Azərbaycanın yanında olduğunu, mümkün qədər kimsənin bizi üzməsinə imkan verməyəcəklərini söylədi.
Türkiyədə yaşayan bir tələbə yoldaşım dünənki məktubunda yazıb ki, MHP-yə onsuz da böyük hörmətim var idi, Dövlət Baxçalının Qarabağ məsələsi ilə bağlı son addımlarından sonra bu hörmət daha da artıb. Adam Amerika prezidenti ilə 5 dəqiqəlik görüşün çox hissəsini Qarabağ məsələsinə həsr edib. Daha neynəməlidi MHP və Baxçalı? Bu həmin Baxçalıdır ki, bu gün onun ən yaxın ətrafında olanlar vaxtilə Azərbaycan torpaqlarının ərazi bütövlüyü uğrunda döyüşüblər.
Amma yalançı vətənpərvərlər doğrudan da yenə yağışdan sonrakı göbələk kimi çıxıblar ortaya. “Yeni Müsavat” qəzeti azı ay yarım əvvəldən bu məsələni gündəmə gətirib, “SOS” siqnalı verib, əməkdaşını Türkiyəyə ezam edib, Azərbaycan cəmiyyətinə təhlükəli proseslərin baş verəcəyini anons edib. Amma heç kim buna reaksiya verməyib. Hamı gözləyirdi ki, görsün dövlət nə deyir, İlham Əliyev hansı addımı atacaq. Biz dövlətin susmasını, gözləməsini başa düşürük; amma indi ortaya düşüb Türkiyə səfirliyinə bəyanat dalınca bəyanat göndərənlər niyə o vaxtlar səslərini çıxarmırdılar, etiraz etmirdilər, məsələyə münasibət bildirmirdilər? Hardan çıxdı bu etirazçı 163 KİV, yüzlərlə QHT rəhbəri? Yalançı vətənpərvərlik budur. Vallah heç o bəyanatlara imza atanların çoxu söhbətin nədən getdiyini doğru-dürüst bilmir.
Bir para insanların belə vəziyyətlərdə ortalığa düşməsi biabırçılıqdı. Hər şeyə görə yuxarıdan komandamı gəlməlidir? Söhbət torpaqdan gedir, Qarabağdan gedir. İlham Əliyev etiraz etməsə, inandırım sizi bu gün ortada olan o QHT-şniklərin, redaktorların heç beşini bir yerə toplamaq mümkün olmayacaqdı.
Azərbaycan üçün az-çox iş görən MHP-ni, Dövlət Baxçalını yox, belə yaltaqları, quyruqbulayanları ittiham eləmək lazımdı, onları xalqa göstərmək gərəkdi ki, hətta Qarabağ məsələsində belə bunlar ancaq yuxarıdan düyməyə basılmasını gözləyirlər. Yoxsa cınqırlarını da çıxarmağa cürətləri çatmaz.